“Ağsaqqalları göndərin”..Vüqar Abbasəli yazır..

0
61

Şair Qabilin bir şeiri var idi, “Səhv düşəndə yerimiz”. Uşaq vaxtı ən xoşladığım şeir idi. Əsas da bu misra, “Biqeyrət oluruq biz, səhv düşəndə yerimiz”. Bu şeiri çox xoşladığıma görə həmişə böyüklər irad tuturdu. Amma o misranın yaxşı diaqnoz olduğuna hər zaman inanmışam.
İnsanın xarakteri, davranışı da elastik ola bilir. Sosial, iqtisadi vəziyyət, mühit, situasiya onu fərqli bir adama çevirə bilər. Ədalətin, hüquq sisteminin işlək olduğu cəmiyyətdə insan əməlinin cəzasını alacağını bildiyi üçün bunu malalamağa çox da ehtiyac duymur. Amma bizdə malalamaq mütləqdir.
Hadisələrə ürəyinizi dinləyib, sevgiylə, emosional, empatiya qurub reaksiya verdikdə tipik azərbaycanlılıqdan, şair təfəkküründən, qeyri-obyektivlikdən bir kəlməylə əxlaqsızlıqdan kənara çıxa bilməyəcəksiz. Ədalət ürəklə yox məntiqlə işləməlidir. Hisslər qarışanda tayfaçılıq, millətçilik, dostluq, ailə və daha nələr rahatlıqla ön plana keçə bilər. Bu ölkənin iqtidarı və müxalifəti 30 ildir belə işləyir. Və buna görə də onları birləşdirən dəyərlər ayırandan daha çoxdur. Elə buna görə də bu gündəyik.

Ölkəmizdə zorakılığın ən dəhşətli növü ağsaqqallıq institutudur. Ağsaqqallıq bir baryerdir. Bu baryerdən sonra hər cürə şərəfsizlik eləmək olar. Ən aşağı təbəqədən ən yuxarılara kimi hamısının ən önəmli silahıdır. İstənilən qələti elə. Araya ağsaqqalları salıb həll eləmək olar. Özlərinə məxsus dəyərləri var. İstənilən vaxt o dəyərləri özlərinə sərf edən formaya sala bilirlər.
Bir neçə gündür sosial mediada bir xəbər yayılıb. Gürcüstanda azərbaycanlılar yaşayan kənddə dərs deyən cavan müəllim, qız şagirdinin qaçırılmasına etiraz edib, kənd camaatını qınayıb ki, araya ağsaqqal salıb, barışdıracaqlar. Həmin camaat da əsl azərbaycanlı kimi davranaraq, müəllimə təzyiq edib, üzr istədib, videoya çəkiblər.
Bu tək o icmaya xas bir şey deyil. Ağsaqqallar az qala hər evdə, hər ocaqda, hər tayfada şərəfsizlikləri ört-basdır eləmək funksiyası daşıyır. Onlar üçün ədalət tam başqa cür işləyir. Daha doğrusu heç işləmir.
Hətta bir müddət əvvəl gündəm olan partiya funksionerinin ailəsinə zorakılıq göstərdiyi xəbərinə də Hikmət Hacızadə təklif etmişdi ki, ağsaqqallar araya girsin, barışdırsın. Vaxtilə demokratiyanın, bu hərəkətiylə də ağsaqqallığın kitabını yazan adam hələ də anlamır ki, ailə nəyin bahasına olursa-olsun ayaqda qalmalıdır söhbəti axmaq söhbətdir.

Elə bil ibtidai dövrdə, qəbilə icmasında yaşayırlar. Özləri kimi də övladlarını yetişdiriblər. Facebookda belə çox az adam olar ki, onun rayonunda olan bir zorakılığa qarşı çıxsın. Baxsan hamı qurbandır torpağına. Fəxr edir. Amma o torpağında 14-15 yaşlı qızların zorlanıb, ərə verilməsi vecinə deyil.
Öz icmasına qarşı üsyan etmiş müəllim əslində bizim, 300-400 adamın gizlənib burada elədiyimiz çərənçiliyi açıq şəkildə etmişdi. Həqiqətləri onların üzünə vurmuşdu. Bu son vaxtlar sosial mediada gündəmdən düşməyən qadınlara qarşı zorakılıq əməllərini qarşı cəbhənin üzünə vuran adam idi. (Bu arada qadına qarşı zorakılıqdır o. Şiddət başqa məna verir. Türkləri yamsılamağa borclu deyilik). Amma təbii ki, ağsaqqallar və onların layiqli davamçıları müəllimi yerində oturdub, onun üzr istəməsinə nail oldular.
Marcel Duchampın sözü idi deyəsən, “Axmaqlıq zamanla məna qazanır”. Azərbaycandakı ağsaqqallar da belə məna qazanıb.

Bu cümləni bir dəfə işlətmişdim. Özümçün cızma-qara edirəm deyə, yenə işlədirəm. Ağlı kəsən hər kəs bu ölkədə yetimdir. Heç kimi yoxdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here