Biz yıxılan millət deyilik: 20 Yanvar bunu bir daha sübut etdi”

0
260

Füzulitv Moderator.az-a istinadən–Yalçın Rzazadə: “Biz fəxr etməliyik ki,xalqımızın ölümə meydan oxuyan oğulları var”
“Bundan sonra bədbin notlar daşıyan mahnılar oxumaq istəmirəm”

“Bu gün birinci sinif şagirdindən soruşsanız o da deyər ki…”

Sabah 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. Bu tarixi günün önəmi, onun xalqımızın, dövlətimzin gələcəyindəki rolu, habelə bu faciə və qəhrəmanlıq salnamələrini incəsənətimizdə əks etdirməyin zəruriliyi ilə bağlı fikirlərini öyrənmək üçün Moderator.az olaraq görkəmli sənətkar, xalq artisti Yalçın Rzazadəyə müraciət etdik.

-Yalçın müəllim, sabah 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. 29 il bundan öncə baş verən bu hadisəni necə dəyərləndirirsiz? Sizcə 20 Yanvar olaylarını faciə, yoxsa xalqımızın qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmək daha doğru olar?

-20 Yanvar faciəsi, bu faciənin mahiyyəti bizi hər zaman düşündürür. Hər bir azərbaycanlı 20 Yanvarla bağlı kadrlara baxanda, qorxmadan, cəsarətlə tankın üstünə gedən oğullarımızı görəndə qeyri-adi hislər keçirir. Lakin bunu da unutmaq olmaz ki, ağlamaq, məyusluğa qatılmaq bədbinlik gətirir. Bu baxımdan hesab edirəm ki, biz baş verənlərə həm də başqa müstəvidən baxmağı bacarmalıyıq. Biz fəxr etməliyik ki, xalqımızın tankın üzərinə yeriyən, öz cəsarəti ilə ölümə meydan oxuyan oğulları var.

-Amma bu da bir həqiqətdir ki, 20 Yanvarla bağlı xatirələri kövrəlmədən yada salmaq mümkün olmur.

-Xatirələr bizi kövrəldə bilər. Lakin unutmayaq ki, biz yıxılan millət deyilik. Bunu dərk etməyimiz, daim yadda saxlamağımız olduqca vacibdir.

-20 Yanvar faciəsi nəticəsində itirdiklərimiz – verdiyimiz qurbanlar məlumdur. Bəs bu faciə bizə nə qazandırdı? Öz həyatını millətimizin, dövlətimizin rifahı naminə qurban verən şəhdilərimiz fədakarlığı müqabilində nə əldə etdik?

-Düşünürəm ki, üzləşdiyimiz faciələr, qarşılaşdığımız çətinliklər bizi daha da möhkəmləndirir. 20 Yanvar da bizi daha möhkəm, daha güclü, daha mübariz etdi.

Millətlər də fərdlər kimidir. Necə ki, adi bir insan həyatda müəyyən çətinlik və problemlərlə üzləşirsə, bu problemlərə rəğmən ayağa qalxmağı, toparlanmağı bacarırsa, bundan sonra üzləşdiyi problemləri daha asan həll edir, bu çətinliklərə qarşı daha dözümlü olur. Millətlər də belədir. 20 Yanvar da millətimiz üçün belə bir sınaq oldu. Çətin dəqiqələr insanı da, milləti də möhkəmləndirir. Və bu sınaq bizi daha möhkəm, daha güclü etdi.

-Sizcə üzləşdiyimiz faciələr, keçdiyimiz tarixi yol mədəniyyətimizdə, incəsənətimizdə də öz əksini tapmalıdrmı? Keçmişimizi musiqimizdə yaşatmaq hansı zərurətdən irəli gəlir?

-Təbii ki, tariximiz mədəniyyətimizdə, incəsənətimizdə öz yerini tutmalıdır. Mən 20 Yanvar faciəsi ilə bağlı bir neçə mahnı oxumuşam. Bunlardan da biri “Ağla qərənfilim, ağla” mahnısıdır. 20 Yanvar bizim həyatımıza, tariximizə yazılan ağrılı bir sətirdir. Lakin bu ağrı bizi daha da möhkləmləndirməli, daha da gücləndirməlidir. Əvvəllər 20 Yanvarla bağlı oxuduğum mahnılarda bədbin notlar mövcud idi. “Qərənfil”, “Yaşa həyat” mahnılarında da belə notlar var. Amma bundan sonra belə mahnılar oxumaram. Çalışaram ki, daha mübariz mahnılar oxuyam. Mən adətən pafoslu danışmağı, pafoslu sözlərdən istifadə etməyi sevmirəm. Bu yaxınlarda mənim haqqımda bir veriliş hazırlanmışdı. Orada da öz fikrimi sadə şəkildə ifadə etdim. Dedim ki, mən öz torpağımı çox istəyirəm. Millətimi çox istəyirəm. Və inanıram ki, millətimin və dövlətim sabahı bu günündən daha gözəl, daha xoşbəxt olacaq.

-Yalçın müəllim, məhrumiyyət və çətinliklərin fərdlər kimi millətləri də möhkəmləndirdiyini qeyd etdiniz. Bu mənada dünənin və bugünün Azərbaycanı arasında müsbət mənada fərq çoxmu böyükdür?

-Təbii. Dünənin və bu günün Azərbaycanına baxanda nə qədər inkişaf etdiyimiz, nə qədər qabağa getdiyimiz aydın görünür. 90-cı illərdə nə qədər qarışıqlıq var idi. Millət sabahkı günündən narahat idi. Sabah başına nə gələcəyini bilmirdi. Bu gün birinci sinifdə təhsil alan şagird də anlayır ki, dövlətimiz də, millətimiz də çox güclüdür. Ona heç kim heç nə edə bilməz. Biz dövlət və millət olaraq üzləşdiyimiz problemləri keçdik. Ağrılı günlərimiz arxada qaldı. Şübhəsiz, tarix tarix kimi qalır. Həyat isə davam edir. Tariximiz, yaşadıqlarımız bizi möhkəm olmağa, bir olmağa səsləyir.

Mən bir proqram hazırlayıram. Hansı ki, orada sizin qeyd etdiyiniz məsələlərə də toxunacam. İfa edəcəyim mahnılarda lirik məqamlarla yanaşı mübarizlik də olacaq, orada həyati-fəlsəfi məqamlara toxunmağa çalışacam.

Bir daha qeyd edirəm ki, biz nə dünənki Azərbaycan, nə də dünənki azərbaycanlı deyilik. Biz müstəqil dövlət kimi qısa zamanda böyük işlər həyata keçirmişik, böyük uğurla əldə etmişik. Millətimizin imkanı çox böyükdür. Biz yaxşı və gözəl millətik. Biz qəhrəman xalqıq.

Aleksandr Matrosov 1941-ci il müharibəsi ilə bağlı bir döyüşçü obrazı yaartdı. Onu tarixə saldılar. Amma bizim nə qədər oğullarımız, qızlarımız tank altında da qaldı, gülləbaran da edildi. Biz belə milətik. Biz dözdük. Və bütün sınaqlardan cəsarətlə çıxmağı bacardıq.

-Yalçın müəllim, zaman-zaman 20 Yanvar kimi böyük faciə və sınaqlardan keçən xalqımızın, millətimizin gələcəyi ilə bağlı arzularınız nədən ibarətdir? Sabahın Azərbaycanını necə görmək istəyrisiniz?

-Biz zamanla yaşa doluruq. Ancaq bizim balalarımız, gənclərimiz var. Mən istərdim ki, hər yerdə, eləcə də mənim vətənimdə sülh olsun, açıq səma olsun. Əmin-amanlıq olsun ki, bizim balalarımız firvana bir mühitdə yaşaya bilsin. Məncə bütün atalar, bütün analar istər ki, övladları sülh şəraitində, gözəl bir mühitdə yaşasın. Mən xalqıma sülh və firvanlıq arzu edirəm. Xalqım buna layiqdir.
Füzulitv–Bahar Fərhadqızı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here